Bu qeydlərdən bərk yapışın...

Bəzən yazılı nitqdə etdiyimiz səhvlər anlaşılmazlığa, fikir, üslub xətalarına gətirib çıxarır. Nəticədə insanlarla doğru-düzgün yazı mübadiləsi apara bilmirik. Yazıda yol verdiyimiz səhvlərdən bir neçəsi – da2, ki, ilə (-la, -lə), ancaq  ̶  haqqında vacib qeydlərimizi sizlərlə bölüşürük.

Qeyd: 1

Şəkilçi kimi səhv salınan "da", "də" fərqinə baxaq.

Məsələn: "Mən də kitabxanaya getmək istəyirəm"

Buradan "də"ni çıxarsaq, "Mən kitabxanaya getmək istəyirəm" alınar. Məna eyni qalacaq. Hər iki fikir eynidir: “Mən də kitabxanaya getmək istəyirəm”. Deməli, buradakı "də" ayrı yazılır.

·      Məsələn: "Məndə çoxlu sayda elmi əsər var"

Buradan "də"ni çıxarsaq, "Mən çoxlu sayda elmi əsər var" alınır və məna itir. Deməli, burada "də" bitişik yazılır.

·      Məsələn: "Məndə də o qələmdən var"  ̶  burada iki "də" var. İkincini çıxarsaq, alarıq: "Məndə o

qələmdən var".

Məna itirmi? Xeyr. Birincini də çıxaraq: "Mən o qələmdən var". Burada isə məna itdi. Deməli, birinci bitişik yazılır, ikinci ayrı, yəni: "Məndə də o qələmdən var".

Qeyd: 2

"Ki"dən sonra vergülün iki işlənmə məqamı var:

·         Birinci halda "Ki" cümlələri bir-birinə bağlamaq funksiyasını yerinə yetirir.

Məsələn: Evə çatırdım ki, Əhməd məni səslədi. O da bizə aydındır ki, bu məsələ bitib.

·         İkinci halda isə "Ki" cümləni bir-birinə bağlamır, sadəcə, fikri, mənanı qüvvətləndirməyə xidmət

edir. Bu zaman ondan sonra vergül qoyulmur.

Məsələn: Sən ki bunu bilirsən.

Mən ki gözəl deyildim.

Qeyd: 3

"İlə" həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün diqqət edin.

·           "İlə" bağlayıcı kimi işləndikdə onu vergüllə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olar.

Məsələn: Akif ilə Malik qonşudur  ̶  Akif, Malik qonşudur  ̶   Akif və Malik qonşudur.

·           "İlə" qoşması saitlə bitən sözlərdən ayrı yazılmalıdır.

Məsələn: "Biz gəmiylə getdik" yox, "Biz gəmi ilə getdik" olmalıdır.

 

* Bu sözlər istisnadır: məqsədilə, münasibətilə, etibarilə, vasitəsilə, xüsusilə

Qeyd: 4

"Ancaq" həm bağlayıcı, həm də ədat kimi işlənə bilər. "Ancaq" bağlayıcı kimi işləndikdə "amma" bağlayıcısı ilə əvəz edə bilirik. Məsələn: Mən səslədim, ancaq (amma) sən eşitmədin.

"Ancaq" ədat kimi işləndikdə "yalnız, təkcə" sözləri ilə əvəz edə bilirik. Məsələn: Ancaq (yalnız, təkcə) səni tanıyıram.