Qan edən sloqan

 Qan edən

sloqan

Bilirik ki, sloqanlar müəyyən müddət keçdikdən sonra zamana və mühitə uyğun dəyişdirilə bilər. Və... və çox zaman da elə olur. Lakin elə “uzunömürlü” sloqanlar da var ki, marketinq və reklam tarixində ad qoyub və hələ də “yaşayırlar”. 

L’Oreal-ın “Because You’re Worth It” (“Çünki sən buna layiqsən”) sloqanı 1971-ci ildən bu yana özünü tam doğruldan şüarlardan biri sayılır. Bu əfsanəvi şüarı Amerikanın məşhur reklam agentliklərindən birinin 23 yaşlı qadın kopirayteri ərsəyə gətirib.

KFC-nin “Finger lickin' good” (“Barmaq yalayacaq qədər dadlı”) – maraqlı hekayəsi olan sloqanlardan biridir. Məşhur sloqanı 1950-ci illərdə KFC restoranlarından birinin müdiri ortaya çıxarmışdır. Baxmayaraq ki, sonradan sloqan bir neçə dəfə dəyişdirilmişdi, lakin sonda yenə “Finger lickin' good” geri qaytarıldı.

“The New York Times” qəzetinin hazırkı sloqanı – “All the News That’s Fit to Print” (“Çap olunmağa layiq bütün xəbərlər”) isə 1890-cı illərin sonunda sarı mətbuata qarşı yaradılmışdı. “The New York Times” onlardan fərqli olaraq vacib faktlara və hadisələrə fokuslanırdı. Bu yanaşma sloqanda belə ehtiva olunduğundan oxucular qəzetə etibarlı informasiya mənbəyi kimi yanaşmağa başladılar.

Dünyaca məşhur təbii almaz və brilyant istehsalçısı De Beers-in “A diamond is forever” (“Brilyant həmişəlikdir”) sloqanı 1948-ci ildən bəri qlobal marketinq və reklam sahəsinin bir parçasıdır. Mötəbər “Advertising Age” jurnalına görə, sloqan 20-ci əsrin ən tanınan şüarlarından biri adını qazanıb və hələ də amerikalıların 90%-nə De Beers-i və onun məhsullarını xatırladır.

Uşaqların və bəzən də böyüklərin sevimlisi olan M&M’s-in sloqanı da yeni deyil. Çox adama tanış gələn “Melts in Your Mouth, Not in Your Hands” (“Ağızda əriyir, əldə deyil”) sloqanı 1954-cü ildə yaradılıb və günümüzədək bu rəngli konfetləri sevdirməyə davam edir.

Saat bazarının ən tanınan “siması” – Rolex saatlarının sloqanı (“A crown for every achievement” – “Hər nailiyyət üçün tac”) 1920-ci illərdən bəri şirkətin kommunikasiyalarında əsas təsir vasitələrindən biridir. Sloqan Rolex loqosundakı taca uyğun seçilmişdir. Tacın isə uclarının sayı brendin adının hərflərinə uyğun dizayn olunmuşdur.

Miller Lite pivə brendinin “Great Taste, Less Filling” ("Əla dad və yüngüllük") sloqanı 1970-ci illərdə çox məşhurlaşmışdı. Sloqan çatdırırdı ki, kalorini azaltmaqla da gözəl dadı saxlamaq olar. Miller Lite illər ərzində başqa şüarlardan istifadə etməsinə baxmayaraq, "Əla dad və yüngüllük" sloqanı brendlə sıx əlaqəsini hələ də davam etdirir.

Nəhayət, dünya avtomobil bazarının şəksiz liderlərindən olan BMW-nin hazırkı sloqanı 1965-ci ildə qəbul edilib. Orijinalı “Aus Freude am Fahren” kimi səslənən sloqan marka imicinin əvəzolunmaz bir hissəsidir. İngiliscə tərcüməsi “Sheer Driving Pleasure” olan sloqanı azərbaycancaya “Əsl sürmək həzzi” kimi çevirmək olar.