Çapa gedirəm. Mənə qulluq lazımdır!

Dizaynı bitirdiniz? Maketi çapa hazırlamalısınız? Elə isə əziyyətiniz hədər getməsin deyə, bəzi qaydalara riayət edin

Alətlər dəsti

Tərtib etdiyiniz maket bir neçə fərqli vektor (Adobe İllustrator, Corel Draw), yaxud rastr tipli (Adobe Photoshop) proqramlarda hazırlana bilər. Çap mərhələsində önəmli olan işçi proqramın özü yox, saxlanılan (“save” edilən) faylın formatıdır.

Çapda ən çox istifadə edilən PDF, CDR, TİFF formatlarıdır. Hazırladığınız maketləri rahatlıqla bu formatlarda saxlayaraq çapa verə bilərsiniz.

Qeyd: Tərtib etdiyiniz maketin xarakterindən asılı olmayaraq çapa hazırlıq mərhələsində çalışın JPG formatını unudasınız. Təbii ki, JPG formatlı fayllardan da çap mümkündür, amma nəticə sizi məyus edər...

Rəng palitrası

RGB, CMYK, XYZ, Lab, HSB, HSV kimi bir çox rəng modelləri var. Sizi artıq məlumatla yükləmək istəmirik, sadəcə nəzərə alın ki, əksər hallarda işə yarayan iki rəng kodudur – CMYK və RGB. Bir şeyi unutmayın: çap üçün hazırlanan maketlər CMYK rəng kodunda verilməlidir. Əgər maketi RGB-də tərtib edib sonradan onu CMYK koduna çevirsəniz, rənglərdə solğunlaşma baş verəcək və arzulanan nəticəni əldə edə bilməyəcəksiniz.

Rənglərin kəmiyyətinə də diqqət edin. Müxtəlif qalınlığa və materiala görə kağızlar mürəkkəbi fərqli şəkildə qəbul edir. Rənglərin xüsusi çəkisi (CMYK göstəricilərinin cəmi) 280-300%-dən çox olmamalıdır. Misal üçün C75 M80 Y90 C100 rəngində çalar nisbətlərini toplayaq. Ümumi nəticə 345 təşkil edir (75+80+90+100=345). Bu maketdə problemlərin yaranması ehtimalı böyükdür. Rənglərin faizi nə qədər çox olarsa, maketin tündlüyü bir o qədər çox olacaq. 

Qara rəng

Diqqət! Hazırlanan maketdə qara rəngli nisbətən iri və ya iri sahəli obyektləri C60 M40 Y40 K100 rəng kodu ilə verməyiniz tövsiyə edilir. Qara rəngli mətnləri isə K100 kimi verə bilərsiniz. Bəli, ikisi də qaradır, amma çapda aralarında ciddi fərq yaranır. 

Kalibrləmə (Kalibrovka)

Rəngarəng maketlər çap edirsinizsə, yanlış konfiqurasiya edilmiş monitor bütün səylərinizi asanlıqla məhv edə bilər. Rəng dəqiqliyini təmin etməyin sınanmış yolu çap etməzdən əvvəl monitorunuzu kalibrləməkdir. Maketi çapa göndərməzdən əvvəl mətbəədən istifadə etdikləri ICC rəng profilini alıb işçi proqramın parametrlərinə əlavə edin. Bu mümkün olmadıqda internetdən FOGRA39 kalibrləmə profilini yükləyin. Qeyd edək ki, Avropa və Rusiyada məhz bu kalibrləmə vasitəsi geniş şəkildə tətbiq olunur. 

Şrift

Dizaynda istifadə etdiyiniz şriftdən asılı olmayaraq çapa hazırlıq mərhələsində bütün mətnlər mütləq şəkildə obyektə çevrilməlidir. Xatırladaq ki, şriftləri obyektə çevirdikdən sonra onları redaktə etmək mümkün olmur. Buna görə də həmişə faylın backup versiyasını saxlayın. Əgər kitab, kataloq yaxud çox səhifəli dizayn hazırlayırsınızsa, çap faylı ilə birlikdə mətbəəyə şriftləri də təqdim etməlisiniz.

Maketdə 6pt-dən kiçik şriftləri istifadə etmək tövsiyə edilmir. Bu ölçüdən aşağı mətnlərin yaxşı çap olunmama ehtimalı var.

Keyfiyyət

Dizayn etdiyiniz maketlərdə keyfiyyətli şəkillərdən istifadə etməyə çalışın. Çapa göndərməzdən qabaq şəkillərin keyfiyyətini yoxlamağı unutmayın.

Məsləhət olunur ki, şəklin ölçüsü 20%-dən çox böyüdülməsin. Artıq böyüdülmə şəklin dpi göstəricilərinə təsir edəcək. Fayl mətbəəyə 300 dpi optik sıxlığında göndərilsə, daha yaxşıdır. İri formatlı çap faylları  üçün bu rəqəm aşağı da ola bilər. Çöl reklamları və digər böyük həcmli çaplarda 100-150 dpi optik sıxlıq kifayətdir. Amma eyni zamanda qeyd edək ki, bu məsələni mətbəənin mütəxəssisləri ilə də dəqiqləşdirmək yerinə düşər.

Çapa göndərməzdən əvvəl şəkilləri RGB-dən CMYK-ə çevirməyi unutmayın!

 Kəsim payı

Dizayn etdiyiniz maketlərdə kəsim (bleed) və iç kənar (margin) paylarını nəzərə almağınız vacibdir. Çap faylları üçün kəsim payı əksər hallarda 3 mm verilir. Bu ölçü mətbəənin standartlarına görə arta və ya azala bilər, ya da nə qədər qəribə səslənsə də, ümumiyyətlə verilməyə bilər. Təkrar edək: bu nüansları mətbəə mütəxəssisləri ilə dəqiqləşdirmək tövsiyə olunur.

Bununla yanaşı, margin payını mütləq hesablamalısınız ki, çapdan sonra dizaynın vacib elementləri kəsimə düşməsin.

Unutmayın: ayrı-ayrılıqda hər bir layihə, hər bir dizayn unikaldır. Bəziləri üçün Maxmedia olaraq bölüşdüyümüz tövsiyələr keçərlidir. Amma bəziləri üçün işi yalnız dizayner və mətbəə arasında sıx əməkdaşlıq və koordinasiya ilə tamamlamaq lazım gəlir.