Niyə brendlər nostalji motivlərdən istifadə edir?
Bazarda uzun müddət mövcud olan və auditoriyasında bir neçə nəsil cəmləşən brendlər tez-tez nostalgiyadan istifadə edir.
1999-cu ildə Amazon 60-cı illərin gözəlliyini təlqin edərək "Sweatermen" bayram kampaniyası başlatdı. Kampaniyanın əsas mesajı sviter və şərflər geyinmiş bir qrup şən insanlar vasitəsilə keçmiş dövrdən ilhamlanaraq dəbə yeni notlar gətirmək idi.
2023-cü ildə Amazon kampaniyanı yenilədi və bu dəfə adını “Don't Get Caught” (tərc. “Ələ keçməyin!”) qoydu. Bu çarxda işçilər ofisdə gizlicə Amazon-dan alış-veriş edirlər. Burada da personajlar 60-cı illərin stilində geyiniblər, lakin kadrda müasir elementlər də görünür – smartfonlar.
1973-cü ildə 25 yaşlı qadın tennisçi Billi Cin Kinq 55 yaşlı kişi tennisçi Bobbi Riqsi məğlub etdi. Həmin vaxtlar hesab edilirdi ki, idmanda qadınlar kişilər ilə rəqabət apara bilməz. Elə Bobbi Riqsin özü də əminliklə deyirdi ki, istənilən qadın tennisçini rahatlıqla məğlub edə bilər. Lakin o, səhv edirdi.
Kinqin qələbəsi gender bərabərliyi yönündə vacib addımlardan biri oldu: o, sübut elədi ki, idmanda qadınlar kişilərdən heç də geri qalmır. İndi deyəcəksiniz, bəs marketinqin bura nə dəxli var? İş orasındadır ki, Billi Cin Kinq kulta çevrilən bu oyunda göy rəngli Adidas idman ayaqqabılarında idi.
Adidas 2018-ci ildə həmin oyunun 45 illiyində Billi Cin Kinqin adının baş hərfləri yazılmış məhdud sayda ayaqqabı seriyasını buraxdı. Həmin məhsulların təşviqi üçün 70–80-ci illərin üslubunda çox sadə videoçarxlar çəkildi. Bu çarxlarda Billi Cin Kinq idman ayaqqabılarını göy rəngə boyayır.
2022-ci ildə Levi's “Fresh” adlı kampaniyasında 70-ci illərin dəbindən ilhamlanaraq nostalji yaz-yay kolleksiyasını təqdim edir. Şirkət qadınlar və kişilər üçün dizayn olunmuş parlaq rəngli geyim və aksesuarlarda köhnə dəbin yeni xəttini sərgiləyirdi.
Oyun konsollarında da nostalgiyadan çox istifadə olunur. Sony 2018-ci ildə özünün kult olmuş birinci (1994) videooyun konsolunun miniatür versiyasını – “PlayStation Classic”i təqdim edib. Retro-konsollar çox qısa müddətdə satılmışdı. Hətta yetkin oyunçular belə bu versiyanın qarşısında tab gətirə bilməmişdilər.
2016-cı ildə Nintendo Entertainment System (NES) “Classic Mini”ni satışa çıxardı. Miniatür konsollar Nintendonun ilk oyun konsoluna bənzər (1985) modelləşdirilmişdi. Beləliklə, NES “Classic Mini” böyük marağa səbəb oldu, tezliklə satılıb bitdi və Nintendonun yeni konsollarına tələbat daha da artdı.














