Mətnə dizayn verərkən bu qaydalara riayət edin

İstənilən mətnə göz beyindən daha tez reaksiya verir. Oxunması asan olan mətni oxucular daha tez qavrayar və tərtib etdiyiniz işə bir o qədər çox fokuslanarlar. Bu rubrikada mətnin məzmunundan yox, onun düzgün formada tərtibatından danışacağıq.

Şriftin ölçüsü
İmtahan üçün «şparqalka» hazırlamırsınızsa, insanlara əziyyət verməyin. Şrift ölçüsü mətnin oxunaqlığını müəyyən edən ən vacib məsələlərdən biridir. Təcrübələrə əsasən, şrift ölçüsünün 12-14 pt aralığında olması məsləhət görülür. Daha dəqiq araşdırma edən şirkətlər, məsələn, WCAG (The Web Content Accessibility Guidelines) şrift ölçüsünü 14 pt, Apple – Human Interface Guidelines 17 pt, Google Material Design isə 16 pt şrift ölçüsü tövsiyə edir.

“Hava” üçün məsafə
Sətirlər arasında məsafə az olanda mətnin şriftləri gözləri yorur və oxunaqlıq keyfiyyətini azaldır. Sətir aralıqları rahat “nəfəs almalıdır” və bir-birindən seçiləcək qədər aralı olmalıdır. Bu ölçünü təyin etməyin bir neçə yolu var. Ortaq nəticə budur ki, verilən şrift ölçüsünü 1.5-ə vurub ara məsafəsini təyin edirik. Əksər hallarda bu ölçü mətnin oxunaqlı olması üçün kifayət edir.

Başlıq
Siz çox kreativ bir başlıq versəniz belə, onu digərlərindən ölçü və yaxud hər hansı bir metodla fərqləndirməsəniz, oxucular ona diqqət yetirməyəcək. Başlığı fərqli, “əndərəbadi” şriftlərlə vermək vacib deyil. Başlığın əsas mətndən seçiləcək qədər böyük olması kifayət edir. Əksər hallarda başlıq “sans serif” şriftlərindən seçilir.

Sətrin uzunluğu
Uzun sətir oxunuş üçün çox əlverişsiz sayılır. Qısa sütunlarda olan sətirlər isə mobil cihazlarda yaxşı görünür. Yaxşısı, qızıl qaydaya riayət edib sətrin uzunluğunu 55-75 simvol aralığında saxlamaqdır.

Hədəf kütləsi
Şrift ölçüsünü seçərkən hədəf kütlənizi nəzərə almağınız vacibdir. Hədəf kütləniz zəif görən və ya yaşlı insanları əhatə edirsə, mətnin daha rahat, oxunaqlı olmasını təmin etmək üçün şrift ölçüsünü artırın. Hədəf kütləniz uşaqlar və ya gənclərdirsə, daha kiçik şrift ölçüsü verilə bilər.

Tipoqrafik sistemin yaradılması kifayət qədər çətin prosesdir. Hər bir layihə xüsusi fərdi yanaşma tələb edir, amma bu məsləhətlərdən yararlanaraq, öz işinizi asanlaşdıra bilərsiniz.