ZETİ ALİLƏRİ

Sizdə evdə Z-adam varsa, bu postu oxuyun

Sosioloqlar 2000–2015-ci illərdə anadan olanları Z nəsli adlandırırlar. Onlara həmçinin “zetlər", "zumerlər" və ya "rəqəmsal insanlar" deyirlər. İnternet və sosial şəbəkə dünyasında böyümüş "Zetlər" estafeti millenniallardan – Y nəslindən alıblar. 

2021-ci ildə Bloomberg agentliyi Z nəslinin xərcləmə qabiliyyətinin 36O milyard dollar olduğunu təxmin edib. Z-lər müstəqil qazanca malik işçi qüvvəsinə qoşulduqdan sonra bu rəqəm daha da artıb və artmaqda davam edir. Z nəsli ailənin etdiyi "bazarlığın" 93%-nə birbaşa təsir edir. Bir sözlə, bu seqment brendlər üçün çox cəlbedicidir.

Y-lərdən və X-lərdən fərqli olaraq, Z nəsli əsasən vizual virus reklamlarına üstünlük verir. "İqreklər" (1980–2000) və "İkslər" (1965–1980) isə məhsul haqqında rəyləri araşdırmağı sevirlər. Onlar həmçinin bonus və endirim hərisidirlər. 2023-cü ildə ABŞ-nin biznes analitika üzrə "Morning Consult" şirkətinin sorğusuna əsasən, Z nəsli striming video və musiqiləri, video oyunları özlərinin gündəlik məşğuliyyəti hesab edir. Onlar ənənəvi televiziyaya və radioya maraq göstərmirlər. Z nəslinin məhsul almaq üçün ən sevdiyi sosial şəbəkələr – TikTok və Instagram-dır. Z nəsli adətən yeni məhsul və brendləri tanınmış simaların kontentini izləyərək tapırlar.

Google, Microsoft, Pepsi və Starbucks öz reklamlarına Z nəslini cəlb etmək üçün onlayn oyunlardan aktiv istifadə edirlər. Məsələn, "Starbucks Puzzle" onlayn oynunun şərtlərinə görə, qaliblər bir içkinin qiymətinə ikisini, nahara bir pulsuz içki, hətta aylıq limitsiz içki belə qazana bilərdilər.

National Retail Federation və İBM şirkətinin məlumatlarına əsasən, Z nəslinin 42%-i onlayn oyun reklamlarında iştirak etməyə hazırdırlar.

Bəzi şirkətlər Z nəslinə hədəflənmiş uğurlu reklam kampaniyaları keçirir. Bunlardan çips brendi Doritos-la məşhur şou-xəbər saytı Uproxx-un birgə layihəsini göstərmək olar. Məqsəd – dünyaşöhrətli dizaynerlərin köməyi ilə küçə geyimləri kolleksiyası yaratmaq və onu sosial mediada işıqlandırmaq idi. İstifadəçilərin bəyəndikləri geyimlərə görə ödəniş də maksimal dərəcədə sadələşdirilmişdi ki, bu da yekunda məhz Z nəslinin istəklərinə uyğun idi.

TikTok musiqi sənayesi də Z nəslini əsas hədəfi seçib. TikTok-un ilk hiti sayılan Lil Nas X-in "Old Town Road" mahnısI buna misaldır.

2024-cü ildə TikTok-da daha çox Z nəslinin hesabına trend olmuş hitlər isə bunlardır:

  •       Clean Bandit (feat. Zara Larsson) "Symphony"
  •       Alphaville "Forever Young"
  •       Surf Curse "Disco"
  •       IV of Spades "Come Inside Of My Heart"
  •       Bronski Beat "Smalltown Boy"