BELƏ DƏ REKLAM OLAR?

Qaş düzəltmək əvəzinə göz çıxaran kampaniyalar

İstehlakçıların diqqətini çəkmək heç də asan məsələ deyil. Brendlər fərqlənmək üçün reklama daha yaradıcı yanaşmağa çalışırlar. Amma yaradıcı yanaşmanın da müəyyən sərhədi var. Bu zaman insanların həssas yanaşdığı mövzulara – irq, dil, din, məzhəb, cins ayrı-seçkiliyinə yol verildikdə, istehlakçı ilə o incə xətti aradan götürdükdə nəticəsi heç də yaxşı olmaya bilər.

"YOX E, MƏN O MƏNADA DEMƏDİM... "

Məsələn, Reebok-un "Cheat on your girlfriend, not your workout" ("Sevgilini aldat, idman məşqlərini yox") sloqanı əsl skandala səbəb olmuşdu. Bu ismarış insanları xəyanatə təşviq etməyə, etibarsız olmağa çağırış kimi giymətləndirildi. İttihamlarla üzləşən şirkət üzr istəyib reklamı geri çəksə də artıq gec idi.

Reebok əsas məqsədinin münasibətlərdə olan sədaqətin, nizam-intizamın idman üçün də eyni dərəcədə vacibliyini vurğulamaq olduğunu deyirdi. Təəssüf ki, buna heç kəs inanmadı, elə biz də...

BUNLAR LAP AĞ ELƏDİ Kİ...

SONY PSP konsol oyununun reklamı da ik baxışdan xoş təəssürat yaratmır. Sən demə, şirkət oyunda mövcud olan rənglər arasında kontrastı vurğulamağa çalışırmış. İstehlakçıların bəziləri SONY-ni diqqətsizlikdə, işə laqeyd münasibatdə günahlandırır, bəziləri isə bu kampaniyanı birbaşa irqçi motivli reklam kimi qiymətləndirmişdi. SONY də bol ajiotaj yaratdıqdan sonra üzr istəyib reklamı geri çəkdi. Di gəl, bu da bir "toydan sonra nağara" oldu.

BAŞINDAN BÖYÜK TWEET...

8 Mart Qadınlar Günündə "Qadının yeri mətbəxdir" paylaşımını edən Burger King məqsədlərini çox kobud dillə ifadə edib. Əslində isə "Aşpazların yalnız 20%-i qadınlardır. Bizim missiyamız gender nisbətini

dəyişməkdir. Qadın aşpazlar da restoran biznesində təmsil olunmalı və dəstəklənməlidirlər" demək

istəyirmişlər. Bu cür kobud başlıq seçib səs-küy yaratdıqdan bir müddət sonra Burger King bu mövzuda həssaslıq göstərmədiyini bildirərək üzr istəmişdi.

YEMƏMİSƏN BURGER ƏTİN, BİLMİRSƏN LƏZZƏTİN...

Bu "iştahaaçan" reklam nümunəsi Burger King-ə aiddir və "Kifli Whopper" adlanır. Burger King burada
34 gün otaq şəraitində saxladığı burgerin kiflənmiş şəklini təqdim edib. Reklam iyrənc görüntüsü ilə müzakirələrə səbəb olub, əksər insanların iştahasını qaçırıb. Hətta bəzi müştərilər artıq Burger King-dən imtina etdiklərini bildirib.

Bütün reaksiyalara cavab olaraq şirkət "Biz konservantsız yeməyin daha dadlı olduğuna inanırıq və buna görə də dünyanın bütün ölkələrində təqdim etdiyimiz yeməklərdən süni qida qatqılarını çıxarırıq" deyib.