“Product placement” – pambıqla baş kəsən reklam
Məhsul və ya xidməti gizli reklam etmək məqsədilə onu hazır kontentə (film, kitab, tamaşa, serial, sosial şəbəkə postu, videosu və s.) inteqrasiya edirsinizsə, demək, söhbət “product placement”dən gedir. Bu gizli reklam növü adətən diqqəti həmin məhsula və ya xidmətə bezdirmədən yönəltmək üçün istifadə edilir.
Ticari markaların incəsənət əsərlərinə inteqrasiyası təxminən 140 il bundan qabaq baş verib. Rəssam Eduard Manenin 1882-ci ildə çəkdiyi “Foli-Berjerdə bar” əsərini göstərmək yerinə düşər. Burada “Bass” pivəsinin loqotipi olan butulka aydın görünür.
Müasir dövrümüzdə də rəsm əsərlərinə pərçimlənmiş brendlərə rast gəlmək olur. Məsələn, Amerika rəssamı Aleks Qross öz işlərində McDonald’s, Pepsi, Coca-Cola, Chanel, Dior kimi tanınmış markaları bu və ya digər formada kifayət qədər təsvir etmişdir.
1930-cu illərdən bəri “product placement”dən kinoda da çox yararlanırlar. Elə məşhur Ceyms Bondun “Land Rover” və “Jaguar” avtomobillərini sürməsini, “Brioni”dən kostyum geyinməsini yada salmaq kifayətdir. Yeri gəlmişkən, “Aston Martin” avtomobilləri də ilk dəfə 1974-cü ildə “Agent 007” haqqında filmlərin süjetinə inteqrasiya şəklində reklam olunub.
Keçək okeanın o tayına. Məsələn, “Terminator” filmində baş personaj “Harley-Davidson Fat Boy” markalı motosikleti idarə edir. “Əsas instinkt” filmində Maykl Duqlas Şeron Stouna viski təklif edir – “Jack Daniel’s”. Nəticəsi o olur ki, filmin premyerasından sonra bu viskinin satışı 5 dəfə artır. Digər bir nümunə: Stiven Spilberqin “Yadplanetlilər” filminin nümayişindən sonra “Hershey’s” şirkətinin istehsal etdiyi “Reese’s Pieces” konfetlərinin satışı 65% artdı.
Yəqin ki, “Forest Qamp” filmini görmüsünüz. Həmin filmdə baş qəhrəman kulminasiya hissəsində Nike idman ayaqqabıları ilə qaçır.
Nike, ümumiyyətlə, “product placement”dən çox istifadə edib. “Gələcəyə qayıdış 2” məşhur fantastik filmində Nike-nin futuristik idman ayaqqabıları baş qəhrəman obrazının ayrılmaz bir hissəsidir. Niyə futuristik? Çünki o zaman həmin idman ayaqqabısı sadəcə prototip formasında (şirkətin loqosu ilə) mövcud idi. 2015-ci ildə onun istehsalı gerçəkləşdi və Nike məhdud sayda özü bağlanan ayaqqabı seriyasının satışını elan etdi.
Musiqi industriyasında da “product placement”in öz yeri var. Stinqin “Desert Rose” klipində “Jaguar” avtomobili və “Sony” kamerasından istifadə olunub. Dreykin “Headlines” klipində Nike-nin sviteri və əlcəkləri reklam olunur, burada Nike-nin loqotipi aydın görsənir. Digər bir nümunə: “Run-DMC” hip-hop qrupu “Walk This Way” klipində səhnədə Adidas idman ayaqqabılarında çıxış edir. YouTube platformasında ən çox izlənən Koreyalı PSY-ın “Gangnam Style” klipində isə qırmızı rəngli “Mercedes-Benz” maşını diqqəti çəkir.














