I hissə
Bu gün sizə SEO kopiraytinq haqqında bəhs edəcəyik. Əvvəlcə SEO-ya aydınlıq gətirək. İngiliscə SEO kimi səslənən akronimin açılışı “Search Engine Optimization”dir. Hərfi tərcüməsi isə “Axtarış Motorunun Optimizasiyası” deməkdir. SEO nədir? SEO veb-saytların daha çox orqanik trafik əldə etməsi, həmçinin axtarış sistemlərində ilk sıralarda yer alması üçün həyata keçirilən addımlardır. İndiki rəqəmsal mühitdə əsas hədəf ilk görünən və seçilən olmaqdır. Düzgün qurulmuş SEO strategiyası ilə sayt doğru auditoriyaya çatır, satışları artıra bilər və marka daha rahat tanınır.
Ürəkaçan olub-olmamasından asılı olmayaraq, ölkəmiz də rəqəmsallaşmaya doğru gedir. Ölkəmizdə veb-saytı və sosial media hesabları olmayan çox az şirkət və qurum var. Lakin gözəl tərtibata malik sayt hələ hər şey demək deyil. Məsələn, əgər mətbəx avadanlıqları satışı ilə məşğul olan bir şirkətin saytı “mətbəx avadanlıqları” açar sözü ilə axtarıldıqda, nəticələr arasında görünmürsə, bu potensial müştərilərin itirilməsi deməkdir. Deməli, sayt optimizasiya edilməlidir. Bu zaman SEO kopiraytinq də ortaya girir.SEO kopiraytinq sorğu zamanı saytın ön sıralara çıxmasına yardım edən mətn üsuludur. Standart kopiraytinqdən fərqli olaraq, SEO kopiraytinq təkcə istifadəçi üçün faydalı və maraqlı mətnlər deyil, həm də Google, Yandex, Yahoo, Bing, Ask və digər axtarış sistemləri üçün uyğunlaşdırılmış mətnlərin yazılmasıdır. SEO kopirayterlərin əsas vəzifələrindən biri mətndə açar sözlərini elə yerləşdirməkdir ki, o, təbii olsun, semantik məzmunu itməsin, həmçinin sorğu zamanı saytı SERP-də ilk sıralara çıxarsın. SERP – Search Engine Results Page “Axtarış motorunun nəticələrinin səhifəsi” kimi tərcümə olunur.
Açar sözləri Google Ads və ya Google Keyword Planner-dən istifadə edərək tapmaq olar. Bu, istifadəçilərin daxil edəcəyi açar sözləri qiymətləndirməyə, yeni sorğular tapmağa və onların tezliyini təxmin etməyə kömək edir. Məsələn, açar sözü axtarış tezliyinə görə seçmək: yüksəktezlikli, ortatezlikli və aşağıtezlikli açar sözlər. Yüksəktezlikli sorğular istifadəçilər tərəfindən ən çox daxil edilən sorğulardır, yəni axtarılan sözlərdir. Bu, ayda 1000-dən milyon dəfəyədək axtarılan sözlərdir. Misal, “kitab” sözü bir ayda 26 milyondan çox sorğulanıb. Ortatezlikli sorğular ay ərzində 200-300-dən 1000 dəfəyədək olan sorğulardır. Aşağtezlikli isə 100-dən 900-dək olanlardır. Təbii ki, bizə yüksəktezlikli açar sözü lazımdır. Bu, adətən lazımi sahəyə aid ümumiləşdirilmiş söz olur. Lakin açar sözün rəqabətliliyi yüksəkdirsə, bu zaman onun seçilməsinin faydası olmayacaq. Onu da qeyd edək ki, bu tətbiqin digər analoqu Wordstat.yandex.ru-dur. Lakin Google Keyword Planner-ə nisbətən onun funksionallığı azdır.
Yeri gəlmişkən, axtarış sistemləri cavab maşınlarıdır. Onlar internetdə olan hər cür məzmunu incələyərək milyardlarla kontentin içərisindən sorğuya ən uyğun, ən optimal variantı tapıb pdflər, şəkillər, videolar və s. formatında ortaya çıxarır.
Açar sözlər üçün parazit sözlərin istifadəsi yolverilməzdir. İngiliscə buna filler words deyilir. Məsələn: deməli, prinsipcə, bilirsiniz, qısası, fikrimizcə, xülasə və bu kimi sözlər (məsələn sözü də bura daxildir). Çünki onların mənası dəqiq deyil. Onun yerinə reklam, reklamist, çöl reklamları, brendvol, outdoor və bu kimi sözlər olmalıdır. Başqa tələblər isə bunlardır:
-işarə sayı 200-dən artıq olmamalı;
-eyniköklü sözü 3 dəfədən artıq istifadə etməməli;
-bir sətirdə yazılmalı;
-hər səhifə üçün unikal açar söz naboru seçilməlidir.
Onu da qeyd edək ki, saytda SEO iki hissəyə bölünür: daxili SEO, yəni On Page SEO və xarici SEO, yəni Off Page SEO.
P.S. Açar sözləri vergüllə və ya probellə yazmaq olar.
İstifadə edilmiş elektron mənbələr: