Diqqət: sosial media virus yayır!

Virus kontent – müxtəlif çaplı brendlərin, bloger və inflüenserlərin ən çox arzuladıqları formatdır. Yaranan və ya yaradılan kontent 1-2 günün ərzində milyonlarla baxış və paylaşım toplayır. Özü də ödənişsiz, orqanik şəkildə! Bundan yaxşı nə ola bilər?!  

Reklamçı Kris Qodfri bir gün eksperiment keçirmək fikrinə düşdü: çox sadə və maksimum dərəcədə populyarlaşacaq bir post yaratmaq. Və yaratdı da – tək bir yumurta şəklindən ibarət post.

5 mln. izləyicisi olan @world_record_egg Instagram səhifəsinin həmin postu 55 mln. dəfə bəyənildi. Kris bu posta “sadə ol və insanlar özləri sənə tərəf gələcəklər” prinsipi ilə yanaşmışdı. Və bu ideya tutdu. Təkcə ilk 10 gündə post təxminən 20 mln. layk yığdı.

Elə kontent var ki, sırf təsadüf nəticəsində sürətlə yayılır və yekunda virala çevrilir. Buna misal olaraq professor Robert Kellinin BBC-yə verdiyi müsahibəni göstərmək olar. Canlı yayımda azyaşlı uşaqlar otağa girərək atasının verdiyi müsahibəyə mane olublar. Sonra anası gəlib uşaqları götürüb çıxarmaq istəyəndə masanın üstü dağılır. Bu video sosial şəbəkələrdə geniş yayılıb və təkcə BBC-nin rəsmi YouTube səhifəsində
50 milyondan çox baxış toplayıb.

Instagram-da yerləşdirilmiş başqa bir viral videoda usta təkəri təmir etdikdən sonra fırladır ki, görsün hər şey qaydasındadır, ya yox. Təkəri fırladanda dostu gizlicə arxadan əlləri ilə iki qaz açarını bir-birinə vurub taqqıldadır. Təkəri fırladan usta təəccüblənir, təkərdən səs gəldiyini düşünərək onu dəfələrlə yoxlayır. Bu videoya təkcə iamcaro_b Instagram səhifəsində qısa müddətdə 141 mln. dəfə baxılıb, üstəlik, 7,1 mln. layk yığılıb, 4,8 mln. dəfə paylaşılıb.

“Viruslar” TikTok-dan da yan keçməyib. Yəqin ki, “Chicken Dance” mahnısının sədaları altında rəqs edən polisləri siz də görmüsünüz. Eric Winter adlı istifadəçinin TikTok səhifəsində paylaşılan bu video qısa müddət ərzində 140 mln.-dan çox baxış, 11 mln.-dan çox layk yığıb.

Julien Cohen adlı pianoçu öz TikTok səhifəsində paylaşdığı video da diqqət çəkir. Parisin tanınmış alış-veriş və əyləncə mərkəzlərinin birində çıxış edən pianoçudan bir xanım “Carol of the Bells” mahnısını bilib-bilmədiyini soruşur, o isə cavabında “bu?” deyir və ifa etməyə başlayır. Bu zaman ətrafdakı insanlar bir-bir mahnını oxumağa başlayırlar. Nəticədə yaranmış fləş-mob TikTok-da xeyli izləyici auditoriyası toplayır və virallaşır:
165,8 mln. baxış, 13,6 mln. layk.

Bəs sizin bildiyiniz hansı virus kontentlər var?