Kadr nədir?
Filmlərdə gördüyümüz 1 saniyə görüntü 24 frame-dən, yəni kadrdan ibarətdir. Bunlar çox sürətli göstərildiyi üçün beynimiz bunu hərəkətli görüntü, yəni video kimi qəbul edir. İnsan gözünün bir saniyədə görmə imkanı da 24 kadrdır. İndi düşünün ki, baxdığınız filmin hansısa yerində
1 saniyə görüntüyə 25-ci kadr əlavə olunur. Bəzi mütəxəssislər iddia edir ki, həmin kadr şüuraltı səviyyədə təsir göstərir, hansısa fikri, ya da təklifi təlqin edir.
Hamısı Amerikanın işidi...
25-ci kadr təcrübəsi ilk dəfə 1957-ci ildə amerikalı marketoloq Ceyms Vikari tərəfindən həyata keçirilib. Vikari kinoteatrda nümayiş etdirilən filmin kadr aralıqlarına 25-ci kadr olaraq "Popkorn ye, kola iç!" subliminalı yerləşdirib. Vikari düşünürdü ki, seyrçilər kadrlarda sürətli şəkildə keçən bu mesajın fərqinə varmasalar da, ismarış şüuraltına yerləşir, nəticədə insanlarda popkorn və kola almaq ehtiyacı yaranır. Film nümayişindən sonra toplanan satış statistikası da, əslində, bu fərziyyəni təsdiqlədi: həmin seans vaxtı popkorn satışları 57%, kola satışı isə 18% artmışdı.
Bir dəli quyuya daş atdı...
Di gəl ki, xeyli müddət sonra Vikarinin texnikasını yenidən təkrarlayan şirkətlər istənilən nəticəni əldə edə bilmədilər. Uzun sözün qısası, günlərin bir günü Vikarinin yalanının üstü açıldı. Sonra özü də bu işi sırf PR məqsədilə reallaşdırdığını, batmaqda olan reklam şirkətini ayaqda tutmaq üçün uydurduğunu, hətta satışlara dair statistik rəqəmləri belə saxtalaşdırdığını etiraf etdi.
Yalan ayaq açdı... Və yeridi...
Qəribə olan odur ki, 25-ci kadr texnikası ifşa olunsa da, "virus" kimi yayıldı. Milyonlarla insan bu metodla arıqlamağın, dil öyrənməyin, zərərli vərdişlərdən azad olmağın və s. mümkünlüyünə inandı. Hətta bəzi ölkələrdə 25-ci kadrdan istifadəyə rəsmi qadağa qoyuldu.
Bununla belə, bir çox məşhur media nümunələrində 25-ci kadra rast gəlmək mümkündür: Madonnanın klipləri, Burger King və Coca-Cola reklamları, "Rapunzel", "Tom and Jerry" cizgi filmlərində və s.