Tapmaca tipli, intriqa yaradan tizer reklamları diqqətinizi cəlb edirmi?
Tizer reklamı əsas reklam kampaniyasının mesajını hədəf kütləsinə üstüörtülü, bir növ tapmaca şəklində çatdırır. Tizer istehlakçıları “intizarda” saxlamaq üçün çox effektiv və təsirli reklam alətidir.
2016-cı ildə “Apple” şirkəti smart saatlarını satışa çıxarmazdan bir müddət əvvəl intriqa yaradan reklam ismarışı verdi. Belə ki, şirkət e-poçt vasitəsilə potensial hədəf kütləsinə “Bu tarixi yadda saxla” başlıqlı imeyllər yolladı. Nəticə etibarilə istehlakçılar qeyd olunan tarixi “həsrətlə” gözləməyə başladılar ki, bu da əsas reklam kampaniyasının təsirini daha da artırmış oldu.

Elə də olur ki, tizer reklamının özü bir neçə mərhələyə bölünür. Məsələn, “Audi TT” avtomobilinin 2006-cı il kampaniyasındakı kimi. Maşının bazara çıxarılmasına 3 həftə qalmış “Audi” marketoloqları və reklamçıları həftədə bir dəfə hansısa əhəmiyyətli tarixin yaxınlaşdığını bildirən tizer ismarışları göndərməyə başladılar.

Ötən il Türkiyənin müxtəlif şəhər və qəsəbələrində insanların diqqətini küçələrdə, meydanlarda peyda olmuş gözlənilməz sual cəlb etdi. Müxtəlif reklam daşıyıcılarında “Ölünce beni kim yıkayacak?” deyə soruşulurdu. Belə bir provokativ mesaj maraq doğurmaya bilməzdi. Bir müddət keçdikdən sonra sualın cavabı məlum oldu: sən demə, həmin tizerlər “Qəssal” (yəni “mürdəşir”) serialının üstüörtülü reklamı imiş.

Türkiyənin sosial media fenomeni Şeyma Subaşının fotosu da bu yaxınlarda səs-küyə səbəb oldu. Əvvəlcə xanımın “incəbelliyini” nümayiş etdirən, amma əyrilmiş kafellərə görə Photoshop xətası kimi görünən foto xeyli tənqidlərə yol açdı. Müzakirələr səngiyəndən sonra məlum oldu ki, əslində bu, tizer reklamında kölgədə qalmış “Karaca” məhsulunun reklamıdır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi üçün “Maxmedia” komandasının hazırladığı “Maaşları ağartmağın vaxtıdır!” çöl reklamına da tizer şəklində müqəddimə verilib. Sonradan aşkara çıxacaq əsas ismarışın yekrəng sahədə təkcə AĞART sözü göstərilib. Bir neçə həftədən sonra isə “Maaşları ağartmağın vaxtıdır!” çağırışı tam olaraq sərgilənib.















