Özündən söz çıxarma

Sloqan yaradanda baş sındıran kopirayterlər üçün faydalı məsləhətlər

Yaxşı sloqanı ərsəyə gətirmək üçün nə etməlisən? İstehlakçı kimi düşünməlisən! “Mən istehlakçının yerinə olsaydım, niyə bu brendi, bu məhsulu seçərdim?”, “Brend / məhsul istehlakçıya nə vəd edir?”, “İstehlakçı ilə hansı formada ünsiyyət qurulmalıdır – ciddi, dostyana, yoxsa həvəsləndirici?” – sloqan müəllifi özünə ilk növbədə məhz bu sualları verməlidir.

Sloqan həqiqətə əsaslanmalı, yaradıcı, sadə, aydın, qısa və insanlara toxunan olmalıdır. Sloqanın tonu brendin ruhunu daşımalıdır. Onu da deyək ki, bədii qiraət, çoxlu filmlər izləmək düşünməyə, yeni ideyaların yaranmasına böyük təsir edir.

Bəzi reklam ustadları deyirlər ki, yatmağa da gedəndə yanınıza kağız-qələm qoyun. Çünki sloqanı fikirləşə-fikirləşə yuxuya getsən, yuxudan yeni ideya ilə oyanmaq şansın kifayət qədər böyükdür. 

İlk ağlına gələn 5-10 yaxşı variantı yaz, sonra pauza ver ki, beynin dincəlsin, bəlkə də yeni təsəvvürlər formalaşsın. Belə etsən, güclü “insayt”lar (istehlakçının ehtiyacını və motivasiyasını daha dərindən anladan amillər) ortaya çıxa bilər. Sonra yazdığın sloqanları, əgər mümkündürsə, 2-4 sözə qədər qısalt. Sloqanı qafiyəli də edə bilərsən. Danılmaz faktdır ki, qafiyəli sloqanlar daha yaxşı yadda qalır. Amma necə olur olsun, unutma ki, yaratdığın şüar bir neçə saniyə ərzində qavranmalıdır. Sloqanların geniş yayılmış növləri bunlardır:

  1. imic sloqanları – brendin ümumi obrazını, dəyərlərini, bölüşdüyü fəlsəfə və dünyagörüşünü əks etdirir. LG: “Life's Good” (“Həyat gözəldir”);
  2. məhsul sloqanları – məhsulun üstünlüyünü və rəqiblərdən fərqini vurğulayan mesajlar verir. M&M's: “Melts in your mouth, not in your hands” (“Ağzında əriyir, əlində yox”);
  3. söz oyunu – adətən əyləncəli, maraqlı, hərflərin və sözlərin yerdəyişməsi, uyğunlaşdırılması ilə əmələ gəlir. Nintendo Wii: “Wii would like to play” (“Biz oynamaq istərdik”). Nintendonun 5-ci oyun konsolunun adı “Wii” ingiliscə “biz” əvəzliyi ilə uyğunlaşdırılıb;
  4. metaforik – məhsulun məcazi formada təqdim olunmasıdır. Bounty: “The taste of paradise” (“Cənnət həzzi”);
  5. qafiyəli – sloqanın ahəngli tələffüz edilməsidir. Pringles: "Once you pop, you can't stop" (“Bir dəfə dadsan, dayana bilməzsən”) və s.

“Soocial” brendinq agentliyinin məlumatına görə, 2025-ci ildə yaddaqalan sloqanlara sahib olan şirkətlər, sloqanı olmayanlara nisbətən 21% daha çox gəlir əldə edib. Bundan əlavə, yaddaqalan şüarlar sosial şəbəkələrdə istifadəçi fəallığını 75% artırır.