Reklamda lakonikliyin və minimalizmin gücü
Reklamlarda lakonik çağırışlardan istifadə, istehlakçıların etibarını qazanmağın ən effektiv yollarından biridir. Minimum sayda vizual element, az yazı və ya mətndən ümumiyyətlə imtina – bu cür reklam posterləri, çarxlar insanlar tərəfindən daha tez qavranılır. Məsələn? Gəlin dünyaca məşhur brendlərin təcrübəsinə baxaq.
“McDonald’s-da pulsuz vayfay” və “24/7 McDrive xidməti” posterləri. Birinci posterdə fri-kartoflardan düzülmüş vayfay simvolu kreativin açarıdır. İkincisində isə avtomobilin işıqları yerə brendin tanınmış "M" hərfinin əksini salır.

“Veet: Hairless bar of soap” (“Veet: tüksüz sabun”) posteri isə tükləri təmizləyən depilyatorun sadə reklamıdır. Sabunun təmiz görüntüsü “Veet”in tükləri necə təmizlədiyinə işarədir.

“Coca-Cola”nın aşağıdakı posterində butulkaların düzülüşü ilə gülüş təsvir edilmişdir. Cəmi iki sözdən ibarət “open happiness” (“xoşbəxtliyin qapağını aç”) metrosu isə yaradıcı fikri tamamlayır.

Aşağıdakı posterdə çəngəl və bıçaq elə təsvir edilib ki, onların bir araya gəlməsindən “Coca-Cola” butulkasının forması yaranır. Ötürülən ismarış isə çox ehtimal ki, budur: “Yemək vaxtı yalnız kola!”

“Lego”nun posterlərində loqodan başqa heç bir yazı yoxdur. Sadəcə “Lego” kərpicləri ilə düzəldilmiş fiqurların kölgəsində dinozavr və təyyarənin təsvirini görürük. “Lego” fiqur çeşidinin müxtəlifliyi ilə uşaq təxəyyülünə uyğun istənilən modelin yığılmasının mümkünlüyünü vurğulayır.

Brendlərin apardığı ədavət bəzən çox kreativ ideyalara gətirib çıxarır. Qara fonda “Puma”nın “Adidas”ın üzərindən atlanmasını göstərməklə, “Puma”nın daha üstün olduğunu vurğulayıblar. Sağ küncdə isə krosovka əks olunub. Bu ideyanı cəmi iki sözlə ̶ “Pumanın atlayışı” adlandırıblar.















